Biləsuvar rayonunda pambıq yığımı mövsümü başa çatdıqdan sonra məhsulun taleyi emal zavodlarında həll olunur. Belə ki, sahələrdən toplanan “ağ qızıl” burada xüsusi avadanlıqlarda ilkin emaldan keçərək mahlıc və çiyid halına gətirilir. Hazır məhsul həm ölkə daxilində, həm də xarici bazarlarda böyük tələbatla qarşılanır.
Hafta.az xəbər verir ki, sahələrdən yığılan pambıq emal zavodunda mərhələli şəkildə təmizlənərək yüksəkkeyfiyyətli mahlıc halına salınır. Rayondakı “P-agro” MMC-yə məxsus zavodun həyətində üst-üstə yığılmış iri ağ bağlamalar ixraca hazır məhsuldur. Yaxın günlərdə bu mahlıcın böyük hissəsi xarici ölkələrə göndəriləcək.
Keçən il təkcə bu zavodda istehsal olunan 9 min ton mahlıc ixrac edilib. Yerli məhsulun keyfiyyət göstəricisi, xüsusilə də pambıq liflərinin uzunluğu alıcılar tərəfindən yüksək qiymətləndirilir və bu amil məhsula tələbatı daha da artır.
MMC-nin emal üzrə direktor müavini Şahin Babaxanov bildirir ki, pambıq emalının əsas məhsulu təkcə mahlıc deyil. Onun toxumu — yəni çiyid də xarici bazarda yüksək qiymətləndirilir. Xüsusi şəraitdə qurudulan çiyid daha sonra həm ölkə daxilinə, həm də xaricə satılır: “Bu il ixrac həcminin artacağı gözlənilir. Xam pambıqdan götürülən mahlıcın ümumi həcmi 10 min tona çata bilər. Bu isə həm ixracatda artım, həm də ölkəyə daxil olan valyutanın çoxalması deməkdir. Hazırda bir sıra ölkələrlə də danışıqlar aparılır”.
Pambığın mahlıcı qədər, onun toxumu da dəyərli hesab olunur. Çiyid ölkə daxilində heyvandarlıqda, xüsusilə də ətlik heyvanların bəslənməsində geniş istifadə edilir.
“Eyni amanda çiyiddən alınan yağın keyfiyyəti yüksək olduğuna görə müxtəlif xarici ölkələr də Azərbaycan çiyidinin daimi alıcılarıdır”, - deyə emal mütəxəssisi Elşən Mirzəyev bildirir.
Hazırda Biləsuvarda bir neçə ixracyönümlü emal zavodu fəaliyyət göstərir və onların istehsal etdiyi məhsul əsasən Türkiyə, İran və Mərkəzi Asiya bazarlarına çıxarılır. Artıq bu il üçün də ilk sifarişlər qəbul olunub. /azertag/